Mətbəx

Saxurların bir çox orijinal yeməkləri vardır. Saxur mətbəxinin ən dadlı yeməklərindən biri xəngəldir. Dairəvi şəkildə nazik xəngəllər buxarda bişirilir və qurudulmuş bişirilmiş ətlə birlikdə verilir. Xəngəllərin yapıldığı xəmir yarpaq kimi nazik olmalıdır, buna görə də hər xanım bu yeməyi yaxşı bişirə bilməz. Dadlıyeməyi çox xoşlayan şair Suvagilli Nəzir bu mövzuda bir şeir qoşmuşdur: "Haynaxüdne eyxhe xink`albı".

Kubute urva alişu, hı`ıda,

Gapal sayxı`, k`umk`umeyqa k`iıda.

Mırt üvxümey tesseyqa alqı`da,

Ixhada çike kut xink`albı.

Ay can mama-oğliy, Ümar, vuşinbıd,

Ehe, haynaxüdne eyxhe xink`albı?

Med tezaldan k`umk`umeqa k`iıda,

Avqa zı lap xhadda ts`ayid qı`ıda.

Kubute dyubaraada alqı`ıda.

Ixhada hekuy-halakuy xink`albı.

Ay can mama-oğliy, Umar, vuşinbıd,

Ehe, haynaxüdne eyxhe xink`albı?

(O bizə bəhs eləyir ki, günlərin birində arvadından xəngəl bişirməsini xahiş etmişdi. O gün onun qohumu Ümar onlara qonaq gəlməli idi. Bişirilmiş xəngəllər ona sərt və bərk gəldi. Odur ki, arvadından onları yaxşıca bişirməsini xahiş etdi və Ümara dedi ki: Danış, sizdə bu yeməyi necə bişirirlər. Bir müddət sonra arvadı xəngəl gətirəndə gördülər ki, xəngəl artıq xəşil olub. Arvadının bişirdiyi xəngəlin yaxşı alınmadığını görən şair Ümardan təkrar soruşdu: Sizdə də elə bişirirlər? Bu şeirdə təsdiqlənir ki, bu yeməyi hər kəs bişirə bilmir.)

Saxur mətbəxinin digər yeməklərindən bəziləri bunlardır:

Sürhüllü - üç santimetrlik kiçik xəmir tikələri. Hər xəmir tikəsi şəhadət barmağı ilə eşilir, burulmuş bir yarpaq və ya qayıq şəkilini alır. Ondan sonra bu yarpaqları qaynar bulyonda bişirirlər və suda bişmiş qaxacla birlikdə verirlər.

Ts`int - sürhüllüdən xırda olan borucuqlar. Ət və lobya ilə verilir.

Qırts - Ətli və ya kəsmikli pelmen. Həmçinin qurudulmuş otla: gicitkan, dəvədabanı, turşəng, bağayarpağı və s. ilə də bişirilir.

Maxxvara - Qabarıq, sferik, isti sacda bişirilir. Undan düzəlmiş həlim isti sacın üstünə tökülür və saçaqlı forma alır.

Bırcax - südlü əriştə.

T`elebı - müxtəlif formada olan nazik xəngəllər, içi cürbəcür olur.

Q`uts`yar - boranı, ət və ya kəsmikdən bişirilən çudu (kökə).