Saxurların tarixindən

Qafqaz Albaniyası dövründə saxurlar Albaniyada yaşayan 26 tayfadan biri idi.Sax=ts`ax, tsaxur, sak etnonimindən əmələ gəlib. Tsaxur haqqında ilk dəfə eramızdan əvvəl 80-ci ildə qurulmuş Tsaxur şəhərindəki "Saxur hökmdarlarının mülkləri" sənədində məlumat verilmişdir. Daha sonra 293-cü ilə aid olan Paykulidən bir fars yazısında Tsaxurun "Saxur" şəklində yazılmış variantı aşkar olunmuşdur. daha sonralar saxurlara "yiqbi" və ya "ciqbi" deyirdilər. "Yiqbi" etnonimi ilk dəfə "ciqbi" formasında "Albanların tarixi" əsərində yazılmışdır.

Qədim gürcü mənbələrdə saxurlar başqa cür - "suci", ölkələri isə Suceti və ya Tsuketi adlanır. Onlara həmçinin "eri", ölkələrinədə Ereti deyirdilər. Bu adlarla bağlı olan toponimlər saxurların yaşadıqları yerlərdə qorunub-saxlanmışdır;məsələn, Zaqatala rayonundakı Sucaray dağı və Suvagil kəndindəki Eray meydanı.

Məlumdur ki, saxurların dünyəvi hakimiyyəti var idi. Öncə XIV əsrdə Saxur xanlığı var idi, sonra isə XVIII əsrdə İlisu sultanlığı yaranmışdır. Bundan əlavə, Car-Balakən azad camaatlığı tərkibində - həm də saxurların Muxax, Cınıx, Mişleş-Tala azad camaatlıqları yaranmışdır.

Saxurlar tarixin çox sınaqlarından keçmişlər, lakin bir xalq kimi bütün bunlara tab gətirərək, tarix səhnəsindən çəkilməmiş, varlıqlarını qoruyub saxlamışlar. Saxurlar Qafqaz Albaniyasının tərkibində e.ə. 331-ci ildə Makedoniyalı İsgəndərin qoşunlarına qarşı Qavqamel döyüşündə vuruşmuşlar. Mərd saxur qızları e.ə. 66-65-ci illərdə Alban ordusunun tərkibində Pompeyin legionlarına qarşı vuruşmuşlar. Daha sonra saxurlar öz doğma torpaqlarını ərəblərin (VII-IX əsrlər), monqolların (XIII əsr), Teymurləng qoşunlarının hücumlarından (XIV əsr), iranlı istilaçılardan (XVII əsr), Nadir Şahdan (XVIII əsr) və rus istilaçılarından (XIX əsr) qorumuşlar. Saxurların yadelli işğalçılara qarşı qəhrəman mübarizəsi onun folklorunda öz əksini tapmışdır.