Sənətlər

Ən mühüm ev sənətlərindən biri yunun işlənməsi ilə əlaqədardır. Yunu təmizləyir, yuyur, qurudur, sonra da saxurca "əğə" adlanan xüsusi daraqla darayırdılar. Yundan mahuddüzəldir, mahuddan paltar, şal, xalça, palas, torba, corab "tursbı" və "xurcun" istehsal edirdilər. Yunu "cehra", "əngaz", "k`ot`a" kimi müxtəlif növlü əl cəhrələrində əyirirdilər. Keçə-burka məmulatlarına, "xirsak", palas, kilim və s. toxuyurdular. İplik təbii bitki boyaları - qızıl boya, xına və b. ilə boyayırdılar. Saxurlar arasında məşhur boyaqçı olan usta kor Nəzir eyni zamanda bir şair olmuşdur.

Bundan əlavə, saxurlar dəri istehsal edirdilər. Qoyun dərisi aşılanıb hazırlandıqdan sonra, ondan "q`arqv" adlı uzun qollu kürklər, papaqlar, bir də pendir saxlamaq üçün tuluqlar - "mırtel" və "t`ik`iy" düzəldirdilər. Qaramalın dərisindən yüyən, qamçı "çümk". ip, kəmərlər "ts`ira", çanta "q`oç`e", yəhər və s. düzəldirdilər.

Saxurlar arasında geniş yayılmış sənət növlərindən biri də məişət üçün ağac məmulatları hazırlamaq idi: ustalar qaşıq, təknə, sandıq, nəhrə "belek`an", yeşik "k`an", beşik "roots", çəllək, tayqulp, yəhər, musiqi alətləri. yük arabaları və s. düzəldirdilər.

Məşhur saxur ustaları məscidləri. dövlətlilərin evlərinin tavanlarını, dayaq sütunlarını naxışlarla bəzəyir. habelə qapı, pəncərə, mebel düzəldirdilər.

Bunlardan əlavə saxurların arasında həmçinin dəmirçi, qalayçı, çəkməçi, zərgər, dulusçu və dərzi sənətləri geniş yayılmışdır.

Bu peşə-sənətlərindən bəzisi bu günədək yaşamaqdadır.

Saxurlar həmçinin ticarətlə məşxul olur, Gürcüstan, Rusiya, Türkiyə və İran ilə ticari-iqtisadi əlaqələr saxlayaraq bu ölkələrdə mallarını satırdılar. Qafqaz Albaniyası dövründə ləkit yolu deyilən bir yol var idi. Həmin yol saxurların yaşadığı muxax, Kalyal kəndlərindən keçib, mərkəzi Dağıstanadək uzanırdı. Bu yolda Karvansaray adlanan bir dayanacaq yerləşirdi ki, hazırda onun xarabaları qalır. Ləkit yolunda hərəkət qış mövsümündə də dayanmırdı. Qar uçqunu təhlükəsi olan yerlərdə tunel çəkilmişdir. Yol Dindi aşırımından keçirdi. Həmin dağ keçidində, boranlı və yağışlı havada səyyahların sığına biləcəyi "sunduq" deyilən tikililər qalmışdır.